İctimaiyyətlə əlaqə işi ölkəmizdə plüralizmin, insan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq ictimaiyyətin hadisələrə həssas yanaşması və cəmiyyətdə baş verən hadisələr haqqında məlumatlı olmaq istəyindən, bundan əlavə təşkilat və müəssisələrin reklamının aparılması istəyindən irəli gələrək bu sahədə fəaliyyət göstərən subyektləri daha effektiv işləməyə sövq edir. Təklif etdiyimiz layihə QHT-lər üçün ictimaiyyətlə, o cümlədən mətbuatla effektiv işin təşkili, idarə olunması və inkişafı üçün vacib resurs mərkəzinin yaradılmasından ibarətdir.
QHT-lərin fəaliyyətinə nəzər salarkən görürük ki, onların effektiv fəaliyyətinin əsasını təşkil edən amillərdən biri də məhz ictimaiyyətlə əlaqə işi və onun təşkili səviyyəsindən çox asılıdır. Belə ki, ictimaiyyətlə əlaqə işi təşkilat haqqında məlumatların yayılması, könüllülərin cəlb olunmasından başlayaraq, təşkilatın bu könüllülərin bilik və bacarıqlarından istifadə etməklə qarşısına qoyduğu məqsədlərə çatmaq və inkişaf etmək kimi əsas funksiyalardan birini yerinə yetirir. Düşünürük ki, Azərbaycan QHT-lərinin ictimaiyyətlə əlaqə işinin çox da ürəkaçan olmamasının nəticəsidir ki, mətbuat səhifələrində qeydiyyatdan keçmiş, ancaq onlardan heç bir xəbər olmayan QHT-lər haqqında məlumatlara daha tez-tez rast gəlməkdəyik.
2010-cu il Milli Məclisə seçkilərlə Azərbaycan Respublikası üçün daha əlamətdar olduğunu nəzərə alsaq istər seçkilərlə əlaqəli olan, istərsə də vətəndaş hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işlərini həyata keçirən QHT-lər üçün ictimaiyyətlə əlaqələr işinin daha effektiv təşkili zəruriliyi yaranır. İctimaiyyətlə əlaqə işi tək yuxarıda qeyd etdiyimiz istiqamətdə fəaliyyət göstərən QHT-lər üçün deyil, digər bütün sahədə fəaliyyət göstərən təşkilatların da diqqət mərkəzində olduğundan layihənin uğurlu alınacağına əminik.
Layihənin müfəssəl tərtibi məqsədilə araşdırma üçün xarici ölkələrin saytlarında monitorinq apardıq. Məlum oldu ki, ictimaiyyətlə əlaqə işinə dair bir sıra dillərdə veb saytlar mövcuddur ki, bu saytlarda PR işinə dair geniş məlumatlar, əyani vəsaitlər təbliğ olunur, beynəlxalq təcrübədən bəhs olunur. Təəssüflər olsun ki, azərbaycan dilində bu istiqamətdə xüsusiləşmiş heç bir sayta rast gəlmədik. Odur ki, “İctimaiyyətlə əlaqə” işinə dair veb saytın hazırlanmasını zəruri hesab etdik. Hansı ki, bu saytın köməkliyi ilə istənilən şəxs ictimaiyyətlə əlaqə işinə dair əyani vəsaitlər əldə edə bilməklə yanaşı, bu səpgiyə aid digər xarici ölkə müəlliflərinin fikirləri ilə, ictimaiyyətlə əlaqə işinə dair sənəd nümunələri ilə tanış ola bilər və bir sözlə ictimaiyyətlə əlaqə işinin təşkilindən inkişafınadək hər bir mövzuda məlumat alma imkanı əldə edə bilər. İctimaiyyətlə əlaqə işinə dair mükəmməl bir veb saytın yaradılması gələcəkdə bu sahəyə yönəldiləcək bu kimi məsrəflərin azaldılmasına, həmçinin bu kimi mövzuda hər-hansı təlimlərdən kənarda qalmış şəxslərə lazımi materialların hazırlanmasında yardım edə bilər və həm də dayanıqlıq baxımından uzun müddət vətəndaşlara xidmət etmiş olar. Bu veb sayt tək QHT üzvləri üçün deyil, bu mövzu ilə maraqlanan istənilən şəxs üçün resurs rolunu oynamaqla ictimai faydalılıq baxımından mühüm rol oynaya bilər.
İstifadəçilərə təqdim etdiyimiz bu saytın resurs mərkəzi qismində fəaliyyəti baxımından onların fikrincə çatışmayan məqamları, məlumatları haqqında bizə bildirmələrini xahiş edirik.
Hörmətlə: Layihə Qrupu.

